Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











 

Azərbaycanda «Səhiyyə Həftəsi»

“Bakı Ekspo” mərkəzində “BIHE 2011” 17-ci Azərbaycan beynəlxalq “Səhiyyə” sərgisinin açılış mərasimi oldu. Sərgidə yüzdən çox məşhur brendi təqdim edən 19 ölkədən 124 şirkəti iştirak edir. “BIHE” sərgisi ilə yanaşı, 6-cı Azərbaycan beynəlxalq “Stomatologiya” sərgisi və öz beşillik yubileyini qeyd edən Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” sərgisi (“Beauty Azerbaijan 2011”) öz işinə başladı.

Sərginin rəsmi açılışı mərasimində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmmədəli Əfəndiyev və Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva Azərbaycanda səhiyyə sahəsində də gerçəkləşən müasir iqtisadi və sosial inkişaf fonunda bu tədbirin daşıdığı əhəmiyyəti vurğuladılar. Ölkədə sağlamlığın qorunması sahəsində ən yeni tibbi avadanlıqlara və texnologiyalara ehtiyac duyulur. Bu baxımdan, “BIHE” sərgisi sözügedən sahədə ən müasir dünya nailiyyətlərini nümayiş etdirmək üçün unikal imkan yaradır və hər il bu sektorun inkişafına böyük töhfələr verir.

Sərgidə “VİP” səviyyəli qonaqların və ziyarətçilərin gəzintisi zamanı onlara Azərbaycan, Almaniya, Latviya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin aparıcı şirkətlərinin ən yeni ixtiraları təqdim edildi. Sərgi ekspozisiyasının 40 faizini daimi iştirakçılar təşkil edir. Bu iştirakçıların arasında “Labservis” (Azərbaycan), “Akgun Software” (Türkiyə), “Amiko” (Rusiya) və digər şirkətlər vardır. Artıq ikinci ildir ki, ardıcıl olaraq Bavariya Milli Stendi (Almaniya) bu sərgidə iştirak edir. Bütövlükdə üç sərginin birləşdirilmiş ekspozisiyası tibbi mallar və xidmətlərin geniş spektrini – tibbi avadanlıqlar, əczaçılıq preparatları, tez-tez istifadə edilən materiallar, gigiyena vasitələri, stomatoloji avadanlıqlar, peşəkar kosmetika, bədən və saçlar üçün qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqlar və bir çox başqa məhsulları təqdim edir. Layihə çərçivəsində ikinci ildir ki, ardıcıl olaraq ümumi ekspozisiyanın 35 faizini təşkil edən “İnnovasiyalar ərazisi” fəaliyyət göstərir.

Açılışdan sonra elə ilk dəqiqələrdə sərgidə işgüzar atmosfer hiss olunurdu - stendlərdə aktiv iş gedir, yeniliklərin təqdimatları keçirilirdi. Bundan əlavə, təqdim olunan şirkət, müəssisə və salonların ən yaxşı mütəxəssisləri tərəfindən keçirilən təkmilləşdirmə kursları (“master-klass”), konsultasiyalar və spa proseduralar sərgi ziyarətçiləri arasında böyük populyarlığa səbəb oldu. Belə ki, “LABSERVIS LTD” şirkəti, sərgidə “Roche” şirkətinin yeni avadanlığını - cinsi yolla yoluxan HPY (papilloma insan virusu) infeksiyalarının müəyyən edilməsi üçün istifadə edilən (tam avtomatlaşdırılmış analizator ilə təchiz edilmiş) PCR avadanlığını təqdim etdi. Sözügedən virusun erkən mərhələdə aşkar edilməsi müalicə vaxtı gözəl nəticələr verir. “Medeks” şirkəti Almaniyanın “Schmitz” şirkətinin əməliyyat masalarının, “Aloka” (Yaponiya) ultrasəs müayinəsi aparatlarının və anesteziyada istifadə edilən “Siare” narkoz aparatlarının təqdimat mərasimlərini keçirdi. Media nümayəndələri isə bu il xüsusi fəallıq göstərdilər. Belə ki, “Caspian Orthodontic Journal” jurnalı stomatologiya üzrə konsultasiyalar keçirirdi, “Boutique-Baku” jurnalı isə öz stendində aparıcı kosmetoloq və stilistlərin konsultasiyasını təşkil edərək arzu edənləri peşəkar makiyaja dəvət edirdi.

Bundan əlavə, sərgi çərçivəsində iki debüt baş tutdu. Azərbaycanda tibb sahəsində ilk ixtisaslaşmış televiziya - “Tibb Baku” - öz ilk çəkiliş işlərini məhz “BIHE” sərgisindən başladı. Həmçinin, bu gün “Beauty Aesthetic” şirkəti tərəfindən nəşr olunan “Art of Beauty” milli estetik tibb jurnalının ilk nömrəsi işıq üzü gördü.

Beləliklə, sərgi elə ilk gündən əməkdaşlıq perspektivləri, tibb sahəsinin inkişafına dair müzakirələrin aparılması, tibbidə mövcud tendensiyalar və texnoloji sirlərin geniş mütəxəssis dairəsinə nümayiş etdirilməsi üçün unikal meydança olduğunu təsdiqlədi. Sərgi öz işini sentyabr ayının 15-nə qədər davam etdirəcək.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  23/11/2017 24/11/2017
USD 1.7002 1.7002
EUR 1.9963 2.0123
GBP 2.2537 2.2659
RUR 0.0287 0.0291
HAVA



Beauty Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek