Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ...

“BIHE 2015”: TİBBİ MƏHSUL VƏ TEXNOLOGİYALAR ÜZRƏ ƏN YAXŞI TƏKLİFLƏR

Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2015” sərgisi öz işinə başladı. “BIHE” sərgisi ilə eyni zamanda 10-cu Yubiley Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2015”) və 9-cu Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan 2015”) sərgilərinin açılışı oldu. Builki sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya, ABŞ, İsveçrə və digər ölkələrin daxil olduğu, ümumilikdə, dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.










Sərgilərin təntənəli açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev, Rusiya Federasiyası sənaye və ticarət nazirinin müavini Sergey Çib, Belorus Respublikası səhiyyə nazirinin müavini Valeri Şevçuk, Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TURSAB) sərgilər üzrə direktoru x-m Esra Tolqay və “ITE Group Plc” şirkətinin icraçı direktoru cənab Edvard Stroon iştirak edirdilər. Yüksək rütbəli qonaqlar öz çıxışlarında müxtəlif ölkələrin tibb müəssisələrinin əməkdaşları arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma funksiyası daşıyan bu sərgilərin əhəmiyyətini vurğuladılar. “BIHE” sərgisi beynəlxalq miqyasda müasir tibbi avadanlıqların təchizatçıları, habelə əczaçılar və elm xadimlərini cəlb etməklə yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir. Xarici istehsalçıların Azərbaycanla işgüzar əlaqələrin inkişafına belə böyük maraq göstərmələri iqtisadiyyatın demək olar ki, bütün sahələrində irimiqyaslı islahatların aparıldığı ölkəmizin cəlbedici məkan olduğunu sübut edir.










Ənənəvi olaraq, sərginin müsbət cəhətləri sərgi meydançasının genişlənməsi və bazarın beynəlxalq iştirakçılarının aktual təqdimatlarının artması ilə şərtlənir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşdüyü milli stendlə çıxış edir. Rusiyanın milli stendi 150 adda məhsul təqdim edən 28 şirkəti bir araya toplayıb. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edirlər. Sərgidə İranın əczaçılıq şirkətləri də böyük fəallıq nümayiş etdirirlər. Ənənəvi “BIHE” sərgisində dərman vasitələri ilə yanaşı, müasir tibbi texnika da təqdim olunur.

Yerli distribyutorlar arasında “ARASH Medical”, “Besan”, “Vitta”, “Labservis” və digər şirkətlər yer alır. Ümumilikdə, sərgi iştirakçılarının sayının artma dərəcəsi ötən il keçirilmiş sərgi ilə müqayisədə 12% təşkil edir. “BIHE 2015” sərgisinin ekspozisiyası səhiyyə sahəsinin bütün əsas bölmələrini, o cümlədən tibb və laboratoriya avadanlıqları, birdəfəlik istifadə materialları, dərman preparatları, tibbi alətlər, eləcə də uşaq qidaları kimi sektorları əhatə edir. Sərginin builki yenilikləri arasında orqanizmdə qanın maksimum dəqiq və ətraflı analizini həyata keçirən aparat, ana bətnində döl qüsurlarının erkən diaqnostika edən ən son aparatlar, xəstənin bədən vəziyyətinin tənzimlənməsi üçün müxtəlif funksiyalı ən yeni əməliyyat kürsüləri, müxtəlif yeni əczaçılıq preparatları və digər məhsullar yer alır.

“Tibbi turizm” sektoru çərçivəsində xaricdə müalicənin təşkil ilə məşğul olan 30-dan artıq klinika və şirkət öz xidmət və imkanlarını nümayiş etdirir. Bunların arasında Gürcüstan, Latviya və Türkiyənin klinika, sanatoriya və müalicə mərkəzləri var. Sərgidə xarici klinika, sanatoriya və istirahət evləri ilə yanaşı, insanları müalicə üçün xaricə göndərən turizm şirkətləri də iştirak edir. Bu il “Tibbi turizm” sektoru onlarla müxtəlif şirkətlə əməkdaşlıq edən Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən dəstəklənir.

Bu il sərgi sənayenin ən maraqlı və dolğun mövzularına toxunan geniş işgüzar proqramı ilə də fərqlənir, belə ki, bu gün Rusiya əczaçılıq və tibb sənayesi üzrə “Rusiya-Azərbaycan: əczaçılıq və tibb sənayesi bu gün və sabah” mövzusuna həsr olunmuş forum-sərgisi keçirilir. Sentyabr ayının 19-da isə Bakı Ekspo Mərkəzində “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans təşkil olunacaq.

Konfransda yerli və xarici mütəxəssislər iştirak edəcəklər. Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TURSAB) tərəfindən təşkil olunacaq konfransda isə “Tibbi turizm” sektorunun inkişafı mövzusu müzakirə olunacaq.

“Beauty Azerbaijan 2015” sərgisində Azərbaycan, Almaniya, Bəhreyn, Kanada, Çin, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən 15 şirkət iştirak edir. Ənənəvi olaraq, sərginin bütün ziyarətçilərini yeni şirkətlər, yeni sənaye məhsulları, peşəkar mütəxəssislər və gözəllik salonları üçün maraqlı təkliflərlə tanışlıq gözləyir. Sənayenin yeni məhsullarını təkcə xarici istehsalçılar deyil, həm də Azərbaycan üçün yeni olan kosmetologiya və ətriyyat məhsullarını anons etmək məqsədi ilə bu sərgidən platforma kimi istifadə edən yerli distribyutorlar təqdim edəcəklər. Onların arasında “BTL”, “ZNK”, “Vitta Estetik” və s. şirkətlər var.

Ümumilikdə, “Beauty Azerbaijan 2015” sərgisində peşəkar kosmetika, habelə dəriyə, bədənə və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsullar təqdim ediləcək. Son illər xarici ətriyyat istehsalçıları tərəfindən bu sərgiyə marağın artması müşahidə olunur. Ölkədə SPA xidmətləri təklif edən otellər və çoxsaylı salonların fəaliyyətə başlaması ilə əlaqədar olaraq, sərgidə bu sahəyə aid təkliflərin də sayı artıb. İstehsalçılar və distribyutorlar gözəllik salonları, idman klubları, SPA mərkəzləri və bərbərxanalar üçün onları öz rəqiblərindən müsbət cəhətdən fərqləndirən və yalnız onlara məxsus eksklüziv təkliflərin verilməsinə kömək edəcək unikal həll variantlarını təklif etməyə çalışırlar.

“BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. “BIHE” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) nişanı ilə təltif olunmuşdur və bu da tədbirin keyfiyyətini və onun yüksək statusunun dünya ictimaiyyəti tərəfindən qəbul edilməsini bir daha təsdiq edir.



BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  19/09/2017 20/09/2017
USD 1.7007 1.7007
EUR 2.0368 2.0421
GBP 2.3022 2.2982
RUR 0.0293 0.0293
HAVA



Beauty Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek